Görülmüş işlər


18.01.18 Şəhərin S.Mehdiyev küçəsində körpü tikintisi

İsmayıllıda 2000 nəfərdən artıq sakinin yaşadığı yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən körpü istifadəyə verilib. Yeni körpü İsmayıllı bələdiyyəsinin vasaiti hesabına inşa edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhərdəki 5 nömrəli tam orta məktəb ətrafındakı sakinlərlə görüş-qəbul keçirərkən Soltan Mehdiyev küçəsində yaşayanlar buradan keçən kanalın üzərində körpü salınmasını xahiş etmişdilər. Sakinlər əsaslı körpü olmadığından uşaqların məktəbə gediş-gəlişi, nəqliyyatın hərəkəti üçün yaranmış çətinliklərdən gileylənmişdilər. 
RİH başçısının tapşırığına əsasən İsmayıllı bələdiyyəsinin imkanları araşdırıldı. Layihə hazırlandı, maliyyə və texniki imkanlar bu işə yönəldildi. 
Tikintisinə bir ay əvvəl başlanılan körpünün dekabrın 14-də baş tutan açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak edib. Tədbirdə çıxış edən İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev sakinləri təbrik edib və son illər rayon əhalisinin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb. O həmçinin, ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin gündən-günə uğurla davam etdiyini söyləyib. Bələdiyyə sədri son illər rayon, eləcə də İsmayıllı şəhər əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün görülən işlərdən danışıb və belə layihələrin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.