Görülmüş işlər


31.01.18 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2017-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat "25" Yanvar 2018-ci il tarixdə bələdiyyə üzvlərinin ümumi yığıncağında təsdiq edilmişdir.

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən

2017-ci il ərzində görülmüş işlər haqqında,

o cümlədən yerli büdcəyə daxil olan

maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin

istifadəsi haqqında hesabat

"25” Yanvar 2018-ci il tarixdə bələdiyyə üzvlərinin ümumi yığıncağında təsdiq edilmişdir.

Hörmətli yığıncaq iştirakçıları!

Əziz şəhər sakinləri!

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2017-ci il üzrə 178,573 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 184,024 manat olmuşdur.  Büdcənin mədaxil hissəsinə hesabat dövründə 103,1 % əməl edilmişdir ki, bu da büdcənin5451 manat artıq  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 20,086 manat

- Əmlak vergisi –   22664 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün 

    ödənişlər –                   6455 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

   gəlirlər –             89,139  manat

- Ticarət obyektlərindən torpaq icarə haqları    – 25,006 manat

- Əkin sahələrinə görə icarə haqqı                      – 8,534 manat

- Bələdiyyə əmlakının icarəsindən                     – 2,700 manat

- Avtomobil dayanacaqlarından                             – 2340 manat

- Mehmanxana rüsumu                                           - 100 manat

- Hüquqi şəxslərin maliyyə yardımı                            – 7.000 manat

       Büdcəyə daxilolmalar 2016-cı illə müqayisədə 3,3 dəfə və ya 128,103 manatartmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi178,573 manat əvəzinə 182,259 manat təşkil etmişdir ki, bu da proqnoza 102,1% əməl olunması deməkdir. Xərclər 2017-ci il üzrə proqnozlaşdırıldığından 3686 manat artıq olmuşdur.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

   xərcləri –105,668 manat

- Sosial müdafiə və sosial təminat xərcləri – 670 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

  xərcləri – 2078 manat

-                              Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 58,309 manat

-                              digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 15,534 manat

       Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01 yanvar 2017-ci il tarixə 83870 manat vergi borcları olmasına baxmayaraq,hesabat ilində cəmi 42,750 manat və ya 51%-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

     2017-ci il üçün praqnozlaşdırılmış 26.500 manat torpaq vergisinə qarşı 20,086 manat və ya 75,8 % , 21,300  manat əmlak vergisinə qarşı 22,664 manat  və ya 106,1 % ödəniş edilmişdir. 2016-cı illə müqayisədə torpaq vergisinin yığımında 5727 manat, əmlak vergisində isə 13,209 manat  artım olmuşdur.

    Hesabat ilində şəhər ərazisində mövcud 8234 vergi ödəyicisindən 5793 –nə və ya 70,1 % - bələdiyyəuyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 178,964 manat olmasına baxmayaraq,  2017-ci ildə cəmi  2125 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin  36,7 %-ni təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.

    2017-ci il ərzində 213 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 19,220 manatdır.

  Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq  vergiləri ödəmədiyinə  görə 3 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir.

     Hörmətli yığıncaq iştirakçıları!

     Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

       Hesabat dövründə bələdiyyə üzvləri ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 112 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 1273nəfər müraciət etmişdir ki, onların 961 nəfəri ayarış və digər sənədlər almaq üçün,79nəfəri ərizə ilə müraciət etmişdir.Bələdiyyənin sədr və müavinlərinin qəbulunda233 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

      Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

      Şəhərin M.F.Axundov  küçəsində uçulub dağılmaq üzrə olan piyada səkisi təmir edilmiş  və piyadaların gediş gəlişi üçün normal vəziyyətə gətirilmişdir.

      Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

 

   Bələdiyyənin "Abad Məhəllə”layihəsi çərçivəsində şəhərin M.F.Axundov küçəsindəki 34Asaylı yaşayış binasının qarşısında abadlıq işləri aparılmışdır. Belə ki, metal torla əhatələnmiş həyətin kənarları müasir üslubda mişar daşı ilə hörülərək rənglənmiş,oturacaqlar qaydaya salınmış,əraziyə 120 m2döşəmə daşı düzülmüşdür.Həyətin gecələr işıqlandırılmasından ötrü 19 ədəd işıqlandırma fanarı quraşdırılmışdır.

       Şəhərin R.Mahmudov küçəsində yerləşən "Şəhid bulağı”nda cari təmir işləri aparılmışdır.

      21 may 2017-ci il tarixdə leysanla müşayət olunan güclü külək nəticəsində irigövdəli ağacın bələdiyyə binasının üzərinə yıxılması nəticəsində binanın dam örtüyünün sıradan çıxmış hissəsi təmir edilmişdir.

      Şəhərin Natəvan küçəsində yerləşən və uzun illər təmirsiz vəziyyətdə olan "Mərasim evi” əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

      Bundan başqa şəhərin S.Mehdiyev küçəsində iki min nəfərdən artıq sakinin yaşadığı yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən əsaslı körpünün olmaması səbəbindən uşaqların məktəbə gediş-gəlişi, nəqliyyatın hərəkəti  üçün yaranan çətinlikləri nəzərə alaraq ötən ilin noyabr- dekabr aylarında orada 9m x 7 m ölçüdə əsaslı körpü tikilib istifadəyə verildi. Ötən il dekabrın 14-də şəhər sakinlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə həmin körpünün təntənəli açılışı oldu.

       İl ərzində şəhərin M.Cavadov, 28 May, Babək, M.Hadi,Nuru Paşa, İstiqlal, Təbriz və digər küçələrinə qrabil materialı daşınaraq hamarlanmışdır.

         H.Əliyev prospektinin başlanğıcında Ulu öndərin 18 kvadratmetrlik portreti bərkidilmiş metal konstruksiyalı  transparant quraşdırılmışdır.

         Bələdiyyəyə ərizə ilə müraciət etmiş 5 nəfər imkansız şəhər sakininə 670 manat məbləğində maddi yardım göstərilmişdir.

         2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 4870 ev həyətyanı sahəsi ilə birlikdə, 1976 hektar  əkin,  120 hektar bağ sahəsi, 210 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir.

                 Əziz seçicilər!

      İsmayıllı bələdiyyəsinin 01 yanvar 2018-cı il tarixə 29712,01manat borcu vardır ki, bu  da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

       Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki,

bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

       Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

       Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

      Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).

       Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

        Mən güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

        Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

       Diqqətinizə görə çox sağolun!