Görülmüş işlər


17.08.20 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2020-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə əsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2020-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında,o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında 

Hesabat

Əziz şəhər sakinləri!

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2020-ci ilin 6 ayı üzrə 100 000 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 42 518 manat olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 43 %əməl edilmişdir ki, bu da büdcənin 57,5 min manat kəsrlə yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 12675 manat

- Əmlak vergisi – 13247 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

gəlirlər – 2561 manat

-Mehmanxana rüsumu-200 manat

- Ticarət obyektlərindən torpaq icarə haqları – 3911 manat

- Bələdiyyə əmlakının icarəsindən –13295 manat

- Avtomobil dayanacaqlarından – 540 manat

- Hüquqi şəxslərin maliyyə yardımı –manat

Büdcəyə daxilolmalar 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 76,2 % və ya 18 381 manat artmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 100 000 manat əvəzinə 43 491 manat təşkil etmişdir ki, bu da proqnoza 43,5% əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

xərcləri – 41005 manat

- Sosial müdafiə və sosial təminat xərcləri 200 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

xərcləri – 1000 manat

-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – manat

-digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 1286 manat

2020-ci ilin 6 ayı üçün praqnozlaşdırılmış 15 000 manattorpaq vergisinə qarşı 12675 manat və ya 85 %, 24 000 manat əmlak vergisinə qarşı 13247 manat və ya 55 % ödəniş edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə torpaq vergisinin yığımında 8542 manat, əmlak vergisində isə 7007 manat artım olmuşdur.

Hesabat dövründə şəhər ərazisində mövcud 8234 vergi ödəyicisindən 3124–nə və ya 38 % - bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 131 543 manat olmasına baxmayaraq, 2020-ci ilin 6 ayında cəmi 1384 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 44,3 %-ni təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.

2020-ci ilin 6 ayı ərzində 13 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 9352 manatdır.

Hörmətli yığıncaq iştirakçıları!

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 5 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 45 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 352 nəfər müraciət etmişdir ki, onların 185 nəfəri ayarış və digər sənədlər almaq üçün, 51nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda116vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

Hesabat dövründə 1 nəfər şəhər sakininə müraciətləri əsasında qərar çıxarılaraq 200 manat məbləğində maddi yardım ödənilmişdir.

Şəhərin N.Nərimanov küçəsində avtobus dayanacağının yerləşdiyi yer tamet daşları və bardürlə hazırlanmışdır.

Bələdiyyə öz mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2 hektar tütün əkilməsini təmin etmişdir və hal-hazırda tütün yığımına başlanılmışdır.

2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7174 ev həyətyanı sahəsi ilə birlikdə, 2288 hektar əkin, 120 hektar bağ sahəsi, 263 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir.

Əziz seçicilər!

İsmayıllı bələdiyyəsinin 01 iyul 2020-ci il tarixə 53924,03 manat borcu vardır ki, bu da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Mən güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Diqqətinizə görə çox sağolun!