Görülmüş işlər


23.07.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 2021-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında Hesabatı

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2021-ci ilin 6 ayı ərzində  örülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında 

Hesabat

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2021-ci ilin 6 ayı üzrə 100 000 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 39367 manat olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 39,4 %əməl edilmişdir ki, bu da büdcənin 60,6 min manat kəsrlə yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 11383 manat

- Əmlak vergisi – 17055 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

gəlirlər – 2151 manat

-Mehmanxana rüsumu- manat

- Ticarət obyektlərindən torpaq icarə haqları 4260 manat

- Bələdiyyə əmlakının icarəsindən – 2091 manat

- Avtomobil dayanacaqlarından – 830 manat

- Hüquqi şəxslərin maliyyə yardımı –manat

Büdcəyə daxilolmalar 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə7,4 % və ya 3151 manat azalmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 100 000 manat əvəzinə 36 753 manat təşkil etmişdir ki, bu da proqnoza 37 % əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

xərcləri – 28896 manat

- Sosial müdafiə və sosial təminat xərcləri 600 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

xərcləri – manat

-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 4559 manat

-digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 2697 manat

2021-ci ilin 6 ayı üçün praqnozlaşdırılmış 20 000 manattorpaq vergisinə qarşı 11383 manat və ya 57 %, 21 600 manat əmlak vergisinə qarşı 17055 manat və ya 79 % ödəniş edilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə torpaq vergisinin yığımında 1292 manat azalma, əmlak vergisində isə 3808 manat artım olmuşdur.

Hesabat dövründə şəhər ərazisində mövcud 8234 vergi ödəyicisindən 1297–nə və ya 16 % - bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 54 613 manat olmasına baxmayaraq, 2021-ci ilin 6 ayında cəmi 1632 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir.

2021-ci ilin 6 ayı ərzində 91 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 23608 manatdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergilri ödəmədiyinə görə 6 nəfərinsənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 6 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 37 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 459 nəfər müraciət etmişdir ki, onların 164 nəfəri ayarış və digər sənədlər almaq üçün, 65nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda230 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Şəhər qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır.

Hesabat dövründə 3 nəfər şəhər sakininə müraciətləri əsasında bələdiyyə üzvlərinin ümumi yığıncağında qərar çıxarılaraq 500 manat məbləğində maddi yardım ödənilmişdir.

"Çernobıl Əlilləri ittifaqı” ictimai birliyinin rayon filialına köməklik məqsədilə 100 manat vəsait köçürülmüşdür.

Ərazidə yaşayan bir qrup sakinin müraciətlərini nəzərə alaraq şəhərin M.Müşfiq küçəsinin davamı, Qəzli yolu və Tingçilik yolu çınqıl materialı yayılmaqla cari təmir edilmişdir.

Şəhərin V.Osmanov küçəsində yerləşən əlillər evinin qarşısında "Uşaq əyləncə” sahəsi quraşdırılmışdır.

Bələdiyyə öz mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 0,5 hektar tütün əkilməsini təmin etmişdir və hal-hazırda tütün yığımına başlanılmışdır.

2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124 ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 7367 vergitutma obyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin 01 iyul 2021-ci il tarixə 46378 manat borcu vardır ki, bu da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Mən güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Yeri gəlmişkən bir məsələni də şəhər sakinlərinin diqqətinə çatdırmaq istərdik.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilmişdir ki, bu Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti imuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm hallarının qarşısını almaqdan ibarətdir.

Ümid edirik ki, şəhər sakinləri də vaksinasiya prosesində fəal iştirak edəcəklər.

Diqqətinizə görə çox sağolun!

(hesabat bələdiyyə üzvlərinin 09 iyul 2021-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.)