Görülmüş işlər


18.07.22 İsmayıllı bələdiyyəsinin 2022-ci ilin 6 ayı üzrə hesabatı

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən

2022-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında,

o cümlədən yerli büdcəyə daxil olan

maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin

istifadəsi haqqında 

hesabat

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2022-ci ilin 6 ayı üzrə 105 000 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 33953 manat olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 32,3 %əməl edilmişdir ki, bu da büdcənin 71,0 min manat kəsrlə yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 9272 manat

- Əmlak vergisi – 16355 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

gəlirlər – 1914 manat

-Mehmanxana rüsumu-50 manat

- Bələdiyyə torpaqlarının icarəyə verilməsindən4059 manat

- Bələdiyyə əmlakının icarəyə verilməsindən – 1050manat

- Avtomobil dayanacaqlarından– 1253 manat

- Hüquqi şəxslərin maliyyə yardımı –manat

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 105 000manat əvəzinə 32 940manat təşkil etmişdir ki, bu da proqnoza 31,2 % əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

xərcləri – 29524 manat

- Sosial müdafiə və sosial təminat xərcləri 1748 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

xərcləri – 288 manat

-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – manat

-digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 1380 manat

2022-ci ilin 6 ayı üçün praqnozlaşdırılmış 26250 manat torpaq vergisinə qarşı 9272 manat və ya 35,3 %, 26250 manat əmlak vergisinə qarşı 16355 manat və ya 62,3 % ödəniş edilmişdir.

Hesabat dövründə şəhər ərazisində mövcud 7415 vergi ödəyicisindən 2432–nə və ya 33 % - bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 110 500manat olmasına baxmayaraq,2022-ci ilin 6 ayında cəmi 1050 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir.

2022-ci ilin 6 ayında şəhər üzrə 6,0sot zəbt olunmuş həyətyanı məqsədli torpaq sahəsi özəlləşdirilmişdir və bundan bələdiyyə büdcəsinə 1914 manat vəsait daxil olmuşdur.

2022-ci ilin 6 ayı ərzində 70 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 16514 manatdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergilri ödəmədiyinə görə 13 nəfərinsənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 8 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 75 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 338 nəfər müraciət etmişdir ki, onların 107 nəfəri ayarış və digər sənədlər almaq üçün, 90nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda141 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Şəhər qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır.

Hesabat dövründə 10 nəfər şəhər sakininəmüraciətləri əsasında bələdiyyə üzvlərinin ümumi yığıncağında qərar çıxarılaraq 1050 manat məbləğində maddi yardım ödənilmişdir.

"Çernobıl Əlilləri ittifaqı” ictimai birliyinin rayon filialına köməklik məqsədilə 100 manat vəsait köçürülmüşdür.

Şəhərdə şəhid adı verilmiş küçənin başlanğıcında şəhidin barelyefinin yerləşdirilməsi üçün divar tikilərək üzlük daşla işlənilmiş, işıqlanma xətti çəkilmiş və ətrafı abadlaşdırılmışdır.

I qrup əlilə verilmiş evdə əlilin əlil arabasında rahat hərəkət etməsi üçün pandus quraşdırılmışdır.

Aprel ayında baş vermiş güclü külək nəticəsində ciddi zərər dəymiş bələdiyyəyə məxsus avtobus dayanacağı bərpa edilmiş, avtoyuma məntəqəsinin dam örtüyü yenidən qurulmuşdur.

"Novruz bayramı” günlərində şəhərin bayramsayağı bəzədilməsi və bayram tədbirlərinin keçirilməsi təmin edilmiş, imkansız ailələrə ərzaq bağlamaları verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Şuşa İli” elan olunmuş 2022-ci ildə İsmayıllı şəhər məktəbləri arasında Sərəncamdan irəli gələn vəzifələrin icrasında göstərdiyi xüsusi fəallığa görə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbi İsmayıllı bələdiyyəsinin Təşəkkürnaməsi və qiymətli hədiyyələri ilə təltif olunub.

2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124 ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 7415 vergitutma obyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin 01 iyul 2022-ci il tarixə 57 706 manat borcu vardır ki, bu da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Mən güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, şəhər sakinlərinin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Diqqətinizə görə çox sağolun!

(hesabat bələdiyyə üzvlərinin 15 iyul 2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.)