İsmayıllı – Azərbaycan Respublikasında rayon. İnzibati
mərkəzi İsmayıllı şəhəridir.
Tarixi
Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1934-cü ildə
təşkil olunmuşdur.
Relyefi
İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta
dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində
yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində
Babadağ zirvəsi (3629 m),
Əsəddağ (3471 m),
Qaraburğa (3345 m),
Şahnəzərdağ (2874 m)
və Qəmçə dağıdır (2139 m.).
Baş Suayrıcı silsiləsinə paralel olaraq cənubda Qovdağ silsiləsi (Qovdağ
zirvəsi 2437 m)
və Niyaldağ silsiləsi (Yelligədik zirvəsi – 2322 m) yerləşir. Orta
dağlıqda Lahıc və Müdrü dağarası çökəklikləri geniş sahə tutur. Relyef Girdimançay
dərəsindən şərqə alçalaraq Şamaxı-Qobustan yaylasına keçir.
Niyal silsiləsindən cənubda eni 2-10
km, mütləq hündürlüyü 200-500 m olan Qanıx-Əyriçay
vadisi uzanır. Vadinin səthi əsasən cavan gətirmə konusları və qismən mezozoy
çöküntülərindən təşkil olunmuşdur. Qanıx-Əyriçay vadisinə paralel cənubda
Girdimançayın dərəsinə qədər Acınohur ön dağlığının şərq ətəkləri yerləşir.
Daşüz-Əmirvan tirəsinin (829 m)
şərq batımının bir qismi rayon ərazisinə daxil olur.
Göyçay-Dəvəbatan çayları arasında İvanovka yaylası (500-800 m), şərqdə Quşencə
yaylası (600-1100 m)
yerləşir. Dəvəbatan və Girdiman çayları arasında isə zona daralıb alçalaraq
demək olar ki, tamamilə itir. Ondan cənubda isə paralel olaraq Qaraməryəm
tirəsi (437 m)
uzanır. Tirə Dəvəbatan və Girdimançay dərələri ilə bir neçə hissəyə bölünür.
Mollaisaqlı, Külüllü dərələri və Girdimançayın məşhur gətirmə konusları burada
geniş ərazi tutur. Qaraməryəm tirəsinin cənub-şərqə davamı olan Ləngəbiz
silsiləsinin (929 m)
şimal-şərq ətəkləri rayonun sərhədləri hüdudları daxilindədir. Rayonun cənub
hissəsi Şirvan düzünə qədər uzanır.
Geoloji quruluşu
Ərazi Kaynozoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik
cəhətdən çox fəaldır. Belə ki ərazidə 8-9 ball gücündə zəlzələlər müşahidə
olunmuşdur. 1981-ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə çox böyük
dağıntıya səbəb olmuş və təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Bu
səbəbdən regionda baş verən zəlzələləri müşahidə və tədqiq etmək üçün rayon
mərkəzi yaxınlığındakı Talıstan kəndində seysmoloji stansiya tikilmişdir. Baş
Suayrıcı silsiləsi əsasən mezozoyun yura və təbaşir yaşlı qalın çöküntülərindən
təşkil olunmuşdur.
Ərazinin yura yaşlı çöküntüləri Kiçik Qafqazdan fərqli olaraq yalnız çökmə
mənşəli suxurlardır (Kiçik Qafqazda isə vulkanogen çökmə mənşəli suxurlar daha
çox üstünlük təşkil edir). Bu suxurlar Qanıx-Əyriçay vadisində IV dövrün
çöküntüləri ilə təmasa gəlir. Niyaldağ silsiləsində isə təbaşir yaşlı şistli
çöküntülərlə əvəz olunur. Yura dövrünün çöküntüləri əsasən alt və orta yuranın
qalın qara rəngli şist və qismən qumdaşı laylarından ibarətdir. Cənub-şərq
hissədə isə şistlər və şist-qumdaşı layları argillitlərlə əvəz olunur. Yuranın
əhəngdaşı və dolomit qatlarının klippen adlanan böyük "koksüz" (əsas
yayılma yerlərindən qopmuş və aralanmış) qayaları və bəzən örtük halında
sahələri, iri "qəlpələri" Baş Suayrıcının bəzi yerlərində üzə çıxır.
Çay dərələrində (Girdiman, Göyçay və Ağsuçay) bu qatları kəsərək dərin və dar
dərələr-kanyonlar əmələ gətirir. Qovdağ hissəsi əsasən təbaşir dövrünün gilli
və gilli-qumdaşılırından ibarət çöküntülərindən, qalan hissələr isə kaynazoyun
çökmə mənşəli suxurlarından ibarətdir. Dağlıq hissədə, xüsusilə Lahıc və Müdrü
dağarası çökəkliklərində kaynozoy yaşlı cavan çöküntülər mezozoy dövrünün
suxurları üzərində transqressiv formada yataraq qalın laylar əmələ gətirir.
Paleogenin oliqosen dövrünün gilli və qumlu-gilli çöküntüləri Girdimançay
dərəsində geniş sahələr tutur. Neogen mənşəli çökmə suxurlar isə əsasən depres
sahələrdə və ləngəbiz tirəsində terrigen qatlardan və gillərdən ibarətdir.
Sarmat dövrünün dəniz çöküntülərinə Diyallı kəndi yaxınlığında 1200 m yüksəkliklərdə daha
çox rast gəlinir. Bir sıra əyilmə zonalarında pleystosen (IV dövr)
çöküntülərinin çox qalın (200-400
m) qatları müşahidə olunur. Buna səbəb ərazidə axan
çayların eroziya və nəqletmə qabliyyətinin sürətli olmasıdır. Yüksək dağlıqda
(2800-3000 m)
isə ara-sıra buzlaq çöküntülərinə – moren tirələrinə rast gəlmək olur.
Faydalı qazıntıları
Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları
tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil,
gillicə və vulkan külü yataqları vardır. Bu ehtiyatlar əsasənda rayon
ərazisində dəmir-beton, kərpic, keramit, sement, keramzit və sairə tikinti materialları
istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin
tikinti sahəsində tələbatlarını tam ödəmir. Bundan başqa Dityallı kəndi
yaxınlığında yanar şist yataqları, müxtəlif ərazilərdə müalicə əhəmiyyətli
gillər, Tircan kəndi yaxınlığında (Qabandağın dərəsində) gülabi yataqları,
Mədən dərəsi adlanan Təzəkənd kəndi ərazisində mişar daşı, Talıstan və Diyallı
kəndləri arasında böyük həcmdə mərmər yataqları, Cülyan-Həftəsiyab kəndləri
ətrafında təbii yanar qaz yataqlarının olması ehtimal olunur. Rayonda betonit
gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Rayon ərazisində
həmçinin təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub
yamaclarından süzülüb gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Diyallı,
Namazgah, Lahıc, Gəndo və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə
hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə
mənsubdur. Dünya şöhrətli alimlərdən M. Ə. Qaşqay və Ə. H. Əsgərov İsmayıllı
rayonunun mineral sularının müalicə əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Məşhur mineroloq Bertmenson 1884-cü ildə "Xaricdə və Rusiyada olan mədən
müalicə suları" adlı elmi əsərində Zərgəran və Lahıc yaxınlığındakı digər
mineral suların əhəmiyyətini xüsusi qeyd etmişdir. Tərkibində müxtəlif minerallar
olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir. Bu suların müxtəlif
çeşidlərdə qablara doldurularaq, rayonda və rayondan kənarlarda satışı təşkil
edilmişdir. Hər il bu ərazilərə Azərbaycanın müxtəlif bölgələrindən və xarici
ölkələrdən yüzlərlə turist istirahətə gəlir. Bu bulaqların əsasında rayonda
istirahət evləri və sanatoriyalar təşkil edilməsi rekreasiya ehtiyatlarından
istifadəni daha yüksək səviyyəyə qaldıra bilər.
İqlimi
İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Subtropik
zonanın şimal sərhədi rayonun təxminən 550-650 m hündürlüyündən keçir.
Bu zonadan yüksəkliyə doğru şaquli qurşaqlıq müşahidə edilir. Düzənlik və
dağətəyi hissədə mülayim isti və qismən yarımsəhra-quruçöl, yüksək dağlıqda isə
soyuq və dağ tundra iqlim tirləri formalaşır. Ümumi günəş radiasiyasının
miqdarı düzənliklərdə, xüsusi ilə də Qanıx-Əyriçay vadisində 125 kkal/sm2-dən
yüksək dağlığa doğru 140-145 kkal/sm2 arasında tərəddüd edir. Ən böyük
kəmiyyəti Babadağ yaxınlığında 148 kkal/sm2-ə çatır. Orta illik temperatur
düzənliklərdə 14-14.5o, dağətəyi və alçaq dağlıqda 11-13o, orta dağlıqda 7-9o,
yüksək dağlıqda isə 0o-yə qədər azalır. Baş Suayrıcının yüksək zirvələrində isə
hətta mənfi 2-mənfi 5o-yə qədər enməsi müşahidə olunur. İyulun orta temperaturu
düzənliklərdə 22-25o, orta dağlıqda 20-15o, yüksək dağlıqda 10-5o; Yanvar
ayının orta temperatur göstəriciləri isə düzənliklərdə 0-4o, dağətəyi və alçaq
dağlıqda 0-3o, orta dağlıqda mənfi 3-mənfi 6o, yüksək dağlıqda isə mənfi
14-15o-dən aşağı düşür. Bol günəş energisi alan İsmayıllı rayon ərazisində
meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılmışdır. İqlim ehtiyatlarının
kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür.
Son dərəcə mənzərəli olan meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin
mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayon
ərazisinin kurort-istirahət bölgəsi kimi istifadə edilməsinin böyük
perspektivləri var. Orta illik yağıntıların miqdarı 500-1000 mm arasında dəyişir.
2400-2800 m
yüksəkliyə qalxdıqca yağıntıların miqdarı artaraq 1400-1500 mm-ə çatır. 2800
m-dən yüksəkdə yenidən yağıntıların miqdarı 900-1000 mm-ə qədər azalır.
Düzənliklərdə isə bu kəmiyyət 400-600 mm-dir. Bunun da nəticəsində dağətəyi və
yüksək dağlıq ərazilərdə dəmyə əkinçilik üçün geniş şərait yaranır.
Yağıntıların maksimum miqdarı may və sentyabr aylarına təsadüf edir. Qar
örtüyünün ən böyük orta qalınlığı dekabrda dağətəyində 10 sm, orta dağlıqda
20-50 sm, yüksək dağlıqda isə 70 sm-dən artıq müşahidə olunur. Mümkün buxarlanma
düzənlik və orta dağlıqda 600-800
mm təşkil etdiyi halda, yüksək dağlıqda bu kəmiyyət 400-300 mm, hətta 200 mm-ə qədər
düşür.
Daxili suları
Göyçayçay, Girdimançay, Ağsuçay, Pirsaatçay və onların saysız-hesabsız qolları
(Axoxçay, Əyriçay, Lahıcçay, Müdürsəçay və s.) başlanğıcını rayonun şimalından:
Baş Qafqazın Baş Suayrıcı silsiləsindən götürərək cənuba doğru dərin dərələrlə
kəsərək geniş əraziləri əhatə edir. Əsasən yuxarı və orta axarlarında qar və
yağış suları ilə, orta və aşağı axarlarında isə yağış və yeraltı sularla
qidalanır. Çaylar Yuxarı Şirvan kanalı vasitəsi ilə Kür çayına qovuşaraq
suvarmada geniş istifadə olunur. Yaz və payız aylarında daşqınlı və selli olur.
Ərazini təşkil edən suxurlar yumşaq çöküntülərdən təşkil olunduğu üçün çayların
orta və yuxarı axarlarında dərin kanyonlar əmələ gəlmişdir. Çayların düzənliyə
qovuşduğu ərazilərdə isə gətirmə konusları kimi relyef formaları əmələ
gəlmişdir. Qidalanmasında əsasən qalın və davamlı qar örtüyü, bol yağışlar və
yeraltı sular iştirak edir.
Göyçayçay: uz. 113 km,
sutoplayıcı sah: 1770 km2, su sərfi: 12.8 m3/san
Girdiman : uz. 88 km,
sutoplayıcı sah: 727 km2, su sərfi: 8.9 m3/san
Ağsuçay: uz. 72 km,
sutoplayıcı sah: 572 km2, su sərfi: 4.5 m3/san
Pirsaatçay: uz. 202 km,
sutoplayıcı sah: 2280 km2
Çaylarda əsasən yazda və payızda gursulu dövrlərdə daşqın və sel hadisəsinin
baş verməsi nəticəsində, təsərrüfata böyük miqdarda ziyan vurur və bir çox
hallarda sürüşmə hadisələrinə səbəb olur. Çay şəbəkəsinin sıxlığı yüksəkliyə
görə aşağıdakı şəkildə paylanmışdır: dağətəyində 0.1-0.2 km/km2, alçaqdağlıqda
0.50-0.75 km/km2, ortadağlıqda 1-1.5 km/km2, yüksəkdağlıqda isə 0.2-0.5
km/km2-ə bərabərdir. Pirsaat çayı bütün il boyu daşqın mümkün olan çaylar
qrupuna daxildir. Qidalanmasının 75-100%-i yağış, 25-0%-i isə yeraltı suların
payına düşür. Ərazinin digər çayları isə gursululuq və daşqınlı dövrü yaz və
payıza düşən çaylar qrupuna aiddirlər. Bu çaylar yuxarı axarlarda qalın qar
örtüyündən, orta axarlarda isə yağış suları ilə qidalanır. Bu çayların gursululuq
dövrü üç fazaya ayrılır: I faza – yaz və yayın əvvəlini əhatə edir (mart-iyun).
Bu fazada çayların əsas gursulu dövrü olduğu üçün illik axım həcminin 45-70 %-i
keçir və qarların əriməsi zamanı düşən gur yağışlar 3-6 daşqın əmələ gətirir.
II faza – yay fazasıdır (iyul-avqust). Bu fazada çayların su sərfi birinci
fazada olduğundan xeyli az olsa da, az dəyişkən olur. Lakin yay leysanları
bəzən çox güclü daşqınlar və sel əmələ gətirir. İllik su sərfinin 10-20%-i bu
fazada keçir. III faza – payız və qış aylarını əhatə edir (sentyabr – fevral).
Bu fazanın birinci yarısında ara-sıra müşahidə edilən leysan yağışlar zamanı
baş verən daşqınlar yaz-yay daşqınlarından xeyli zəif olur. Çayların illik su
sərfinin 20-35%-i bu fazanın payına düşür.
Çay sularının bulanıqlıq dərəcəsi 1000-2000 q/m3 arasında tərəddüd edir.
Göllər: Ərazidə göllər əsasən dağlıq hissədə yayılıb. Lakin bunların heç
birinin sahəsi 1km2-dən çox deyil. Mənşəyinə görə sürüşmə, uçqun və axmaz
göllər qrupuna aiddir.
Su anbarları: Rayonun düzənlik ərazilərini su ilə təmin etmək məqsədi ilə
Aşıqbayram və Yekəxana su anbarı tikilmişdir. Hər ikisi Dəvəbatan çayının
yatağında yerləşir.
Aşıqbayram sah: 0.5 km2, həcmi: 3,6 km3
Yekəxana sah: 3.7 km2, həcmi: 16.2 km3
Kanalları: əsasən rayondaxili ərazilərin suvarılmasında istifadə olunur. Yuxarı
Şirvan kanalı rayonun cənubundan keçir.
Yeraltı suları: Qanıx – Əyriçay hövzəsində suların səviyyəsi 2.2 m-dən 100m-ə
qədər dərinlikdə yatır. Yüksək dağlıqda yeraltı sular bulaqlar şəklində səthə
çıxır.
Landşaftı
Ərazinin landşaftları şaquli qurşaqlığa uyğun olaraq: Alçaqdağlığın kserofit,
quruçöl və arid-meşə; Alçaqdağlığın çöl; Düzən meşə-çəmən (intrazonal
Qanıx-Əyriçayda); Ortadağlığın meşə və meşədən sonra çəmən-kol; Dağ-çəmən
(subalp və alp); Subnival və nival landşaftları yayılmışdır. – * Torpaqları:
Düzənlikdən dağlığa doğru müvafiq olaraq boz, şabalıdı, açıq və tünd şabalıdı,
dağ-boz qəhvəyi, qəhvəyi, qonur, dağ-meşə, talalarda qara, subalp və alp
əmənliklərində allüvial çəmən-meşə, çimli-torflu və ibtidai dağ-çəmən
torpaqları yayılmışdır. Rayonun ümumi torpaq sahəsi 217315 ha-dır. Adambaşına 3,6 ha (Azərbaycanda 0,2 ha) torpaq sahəsi düşür.
Kənd təsərrüfatı üçün yararlı torpaqlar 98070 ha, onlardan əkin
yerləri 36460 ha
(xüsusi ilə dəmyə əkinçilik) təşkil edir.
Bitkiləri: Bitkilər aləmi landşaftlara uyğun : düzənlik və dağətəyində çoxillik
otlaq, kolluqlar və düzənlik albalının 2 növü, itburnunun 14, söyüdün 8,
ağcaqayının 7, qovağın 5 növü məlumdur. Orta dağlıqda palıd, qarağac və vələsin
4 növü, fıstıq, şabalıdyarpaq, qaraçöhrə, yabanı püstə (saqqız), yabanı
qızılgül, lianlardan mərəfcə, mayaotu, güyəmə, cır üzüm, doqquzdon, kaprifol,
qulançar və boyaqotu, dərman bitkilərinin bir neçə növü yayılmışdır. Böyük
Qafqaz vilayətinə aid olan ərazilərdə, yamaclarda zəngin meşə örtüyü var. Rayon
ərazisinin 67.2 min ha sahəsini əhatə edir. Meşə ərazisində əsasən palıd,
fıstıq və vələs ağacları üstünlük təşkil edir. Endemik bitkilərdən ardıc,
qaraçöhrə, xarı bülbül, şabalıdyarpaq palıd və s. vardır. Rayon ərazisində 500-dən
artıq bitki növü yayılmışdır. Böyük su saxlayıcı qabiliyyətinə görə bu meşələr
erroziya proseslərinin sürətli inkişafının qarşısını alır. Lakin, yüksək dağlıq
zonanın çılpaq yerlərində sel əmələ gəlmə və sürüşmə ehtimalı çoxdur. Bu da
yüksək dağətəyi ərazilərdə əhalinin məskunlaşması üçün bəzi çətinliklər
yaradır. Belə ki,sürüşmələr nəticəsində kəndlərə gedən yollar kəsilir, otlaq və
örüş əraziləri sıradan çıxır, əhalinin içməli suya, işığa olan tələbatnın
ödənilməsində çətinliklər yaranır. Yaz aylarında təbii fəlakətlərin (sel,
sürüşmə) güclənməsi müşahidə olunur. Bu məvsümdə dağlarda əriyən qar və güclü
yağış sularının təsiri nəticəsində torpaq sürüşmələri baş verir. Bəzi hallarda
evlərin uçma təhlükəsi olur. Bu da əhalinin həmin ərazilərdə məskunlaşması üçün
böyük çətinliklər törədir, sel və sürüşmələrə qarşı müxtəlif tədbirlərin həyata
keçirilməsini tələb edir.
Heyvanları: Ərazidə sürünənlər, gəmiricilər və həşəratlarla yanaşı, 5 dəstəyə
aid olan 35 növ məməlidən Zaqafqaziya qonur ayısı, maral, cüyür, dağ kəli,
vəhşi qaban, canavar, tülkü, porsuq, kirpi, dovşan, vaşaq, amerika yenotu; 90
növ quşdan isgəndər quşu(fır kəklik), buruqboyun ağcədələn, qırqovul, kəklik,
qartal, qızılquş, ley, qırğı, quzğun, arıquşu, toğlugötürən, qaratoyuq,
zığ-zığ, cüllüt, vağ, bülbül və s. məskunlaşmışdır. Rayonun füsünkar təbiətini,
gözəl landşaftlarını, flora və faunasını nəzərə alaraq 1969-cu ildə sahəsi 74
min ha olan İsmayıllı yasaqlığı yaradılmışdır. 1981-ci ildə yasaqlığın
tərkibində təbii kompleksi (landşaftı) qoruyub saxlamaq məqsədi ilə sahəsi 5780 ha olan İsmayıllı
qoruğu təsis olundu. Qoruq iki hissədən: dağlıq (800-2250 m yüksəkliklər – 96.3%)
və düzənlikdən (600-650 m
yüksəkliklər – 3.7%) ibarətdir. Düzənlik hissənin 87%-ni düzənlik meşələri
təşkil edir. İsmayıllı qoruğunun cəmi 4%-i Qovdağ silsiləsinin subalp və alp
çəmənlikləri zonasındadır. Qoruq Göyçay, Axoxçay və qismən Girdimançay
hövzələrini əhatə edir. Qoruq öz geoloji və geomorfoloji qurluşuna görə cənub
yamacın qalan hissələrindən ciddi fərqlənmir. Burada yura, xüsusi ilə təbaşir
çöküntüləri (gillər, qumdaşı və əhəngdaşı qatları), qismən paleogen təbəqəli
gilləri yayılmışdır. Ərazi çay dərələri ilə çox parçalanmışdır. Meşələrin
tərkibi əsasən fıstıq, vələs, palıd, qismən ağcaqayın, göyrüş, qaraçöhrə və
şabalıdyarpaq palıddan ibarətdir. Burada həmçinin ağcaqayın və göyrüş
meşəliklərinə də rast gəlinir. Qaraçöhrə və şabalıdyarpaq palıd əsl qorunma
rejimindədir.
Qoruqda məməlilərin 40, sürünənlərin 17, amfiblərin 6, balıqların 4, quşların
104 növü yaşayır. Quşlardan Qafqaz tetrası, toğlugötürən, berqut, ilanyeyən,
məməlilərdən qonur ayı, vaşaq, cüyür, Aralıq dənizi tısbağası, daraqlı triton
və çay qızılxallı balığı "Qırmızı kitab"a daxil edilmişdir.
İsmayıllı dövlət yasaqlığı
İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın
yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının
artırılmasından ibarətdir. Ərazinin bitki örtüyü alp, subalp dağ-çəmən və meşə
bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq və palıd
ağaclarından ibarətdir. Yasaqlıqda təkə, cüyür, nəcib Qafqaz maralı, köpgər,
çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq,
dələ və s. heyvanlar, kəklik, qırqovul, turac, alabaxta, bildirçin, boz kəklik,
yaşılbaş ördək, cürə,ağ və boz vağ və s.quşlar məskunlaşmışdır.
İri yaşayış məntəqələri
İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı),
ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.
Lahıc qəsəbəsi öz misgərliyi ilə dünyaya səs salıb. Qədimliyinə görə bu qəsəbə
İsmayıllı rayonunun özündən belə qədimdir.
İqtisadi xarakteristikası
İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s.
sahələr inkişaf etdirilmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları,
ət-süd emalı kombinatları və digər müəssisələr vardır. Rayonda "Qız
Qalası", "Green House", "Qaranohur" kimi məşhur
istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon mərkəzində "Beynəlxalq
Bank", "Kapital Bank", "Deka Bank" və "Muğan
Bank"ın rayon filialları və ATM-lər həmçinin "Cred Agro" kredit
təşkilatı (Kənd təsərrüfatı üçün) mövcuddur.
Kənd təsərrüfatı
Rayonda 2014-cü il üçün kartof istehsalı 6448 ton, tərəvəz 7420 ton, taxıl 78029 ton olmuşdur .
Bu qeyd olunanlarla yanaşı, baxılan dövrdə rayonda üzüm bağları 847 ha və məhsul istehsalı
isə 5320 ton olmuşdur. Rayonun kənd təsərrüfatı sahəsində yuxarıda qeyd
olunan əsas bitkiçilik məhsullarının istehsalında məhsuldarlıq hər hektarda
müvafiq dövrdə kartof üzrə 84,8, tərəvəz 93,8, taxıl 27,2, buğda istehsalında isə 33,2 sentner artmışdır. Rayonda
heyvandarlıq məhsullarının istehsalında da müəyyən dəyişikliklər müşahidə
olunmuşdur. Belə ki, rayonda iri buynuzlu mal-qaranın sayı 2014-cü il üçün 51320 baş, inək və camışların sayı 23925 baş, qoyun və
keçilərin sayı isə 179105 baş olmuşdur. Bununla yanaşı müvafiq dövrdə ət
məhsulları (kəsilmiş ət) 5217 ton, yumurta 8907 min ədəd və süd istehsalı isə
34066 ton olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər