Digər normativ sənədlər


31.01.17 2016-cı il üçün İsmayıllı bələdiyyəsinin sdəri P.Ağayevin HESABATI

2016-cı il üçün İsmayıllı bələdiyyəsinin sdəri P.Ağayevin

HESABATI

(26 yanvar 2017-ci il tarixdə bələdiyyə üzvlərinin ümumi yığıncağında təsdiq edilmişdir)

Əziz şəhər sakinləri!

Ölkəmizin sürətli inkişafında və əhalinin sosial rifah halının yüksəlməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbəil artmaqdadır.  On yeddi il ərzində fəaliyyətdə olan bələdiyyə sistemi bu gün ölkəmizdə yerli özünüidarəetmə sahəsində ciddi addımlar atır, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Bələdiyyələrin qarşısında duran əsas vəzifə isə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat ilində müəyyən işlərin görülməsinə nail olmuşdur.

2016-cı il üçün bələdiyyə üzrə 181.000manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 55,921 manat olmuşdur.  Büdcənin mədaxil hissəsinə hesabat dövründə 30,9 % əməl edilmişdir ki, bu da büdcənin125.079 manat kəsirlə  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi –       14.359 manat

- Əmlak vergisi –        9455 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün 

    ödənişlər –              1070 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

   gəlirlər –                   10079  manat

- Ticarət obyektlərindən torpaq icarə haqları          –7120 manat

- Əkin sahələrinə görə icarə haqqı                            –1693 manat

- Bələdiyyə əmlakının icarəsindən                           –4100 manat

-Avtomobil dayanacaqlarından                              -  1045

- Hüquqi şəxslərin maliyyə yardımı                        –7.000 manat

    

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 181,00 manat əvəzinə56417 manat təşkil etmişdir ki, bu da proqnoza 31,2% əməl olunması deməkdir. Xərclər üzrə proqnoz 124.83 manat kəsirdə qalmışdır.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

   xərcləri – 42902 manat

- Sosial müdafiə və sosial təminat xərcləri – 1180 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

  xərcləri – 2811 manat

-         Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 4473 manat

-         Digər xərclər-5051 manat

Bələdiyyənin yeni tərkibinin formalaşdığı bu iki ildə büdcə gəlirlərində istənilən nəticələrə nail ola bilməməyimizin əsas səbəbi Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi və onun səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi ilə əlaqədar torpaq satışının dayandırılması olmuşdur ki, bu proses 2016-cı ilin may ayınadək davam etmişdir.

Hesabat dövrü üçün bələdiyyə büdcəsinin mədaxilinin əsas hissəsini təşkil edən torpaq satışından daxilolmaların 85,000 manat nəzərdə tutulduğuna baxmayaraq, il ərzində  torpaq satışından cəmi  10079 manat vəsait daxil olmuşdur ki, bu da proqnoza 11% əməl edilməsi deməkdir.

Müqayisə üçün diqqətinizə çatdırırıq ki, torpaq satışından bələdiyyə büdcəsinə 2012-ci ildə 121.598 manat (2,57 ha), 2013-cü ildə 173.571 manat   ( 2.98 ha), 2014- ci ildə 159.129 manat (3,77ha) vəsait daxil olmuşdur. 2016-cı ildə isə qeyd olunduğu kimi cəmi 10079 manat vəsait daxil olmuşdur ki, bu da 10 nəfər şəhər sakininin həyətyanı sahələrində olan 32.4 sot zəbt olunmuş torpaq sahəsinin rəsmləşdirilməsindən daxil olan vəsaitdir. Şəhərin keçmiş Qəzli kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus prespektiv inkişaf fondu torpaqlarından bir kvadrat metr də olsun həyətyanı satılmamışdır. 

Büdcə gəlirlərinin azalması səbəblərindən biri də şəhər ərazisində reklamların yerləşdirilməsi və yayımı üçün ödənişlərin azalması olmuşdur. 2016-cı il üçün bu maddə üzrə 20.000 manat gəlir proqnozlaşdırıldığı halda cəmi 1070 manat ödəniş olmuşdur ki, bu da proqnozun 5,4%-ni təşkil edir.2015-ci ildə reklamların yerləşdirilməsi və yayımından bələdiyyəyə 17366 manat ödəniş daxil olmuşdur.. Bu geriləmə əsasən bəzi reklam istifsadəçilərinin maliyyə çətinlikləri ilə üzləşdirdiklərinə görə bələdiyyə ilə olan müqavilələrini dayandırmaları səbəbindən olmuşdur.

Büdcənin kəsrdə qalmasının başlıca səbəblərindən biri də şəhər sakinləri tərəfindən bələdiyyə vergilərinin vaxtında ödənilməməsidir.

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01 yanvar 2016-cı il tarixə 64055 manat vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 23814 manat və ya 37,2%-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.2016-cı il üçün proqnozlaşdırılmış 23600 manat torpaq verigisinə qarşı 14359 manat və ya 60,8% ,12500 manat əmlak vergisinə qarşı isə 9455 manat və ya 75,6% ödəniş edilmişdir. 2015-ci ilə müqayisədə torpaq vergisinin yığımında 3042 manat, əmlak vergisində isə 1082 manat artım olmuşdur.

Hesabat ilində şəhər ərazisdində mövcud 8234 vergi ödəyicisindən 5960- na və ya 72,4%- nə bələdiyyəyə olan vergi borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 66454 manat olmasına baxmayaraq, 2016- cı ildə cəmi 1757 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 29,5%- ni təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.

01 yanvar 2017-ci il tarixə vergi ödəyicilərinin bələdiyyəyə 83870 manat vergi borcu vardır ki, bunun 35120 manatı və ya 41,9%- torpaq vergisi,48750 manatı və ya 58,1%- isə əmlak vergisidir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 11 yığıncaq keçirilmiş, müxtəlif məsələlər müzakirə edilərək 92 qərar qəbul edilmişdir. 2016-cı ildə bələdiyyəyə 1081 nəfər müraciət etmişdir ki, onların 944 nəfəri arayış və digər sənədlər almaq üçün, 80 nəfəri ərizə ilə müraciət etmiş, 57 nəfəri isə qəbulda olmuşdur.

Maliyyə imkansızlığına baxmayaraq ötən il tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Belə ki, vətəndaşların müraciətini nəzərə alaraq şəhərdə su-kanalizasiya xətlərinin çəkilişindən sonra küçələrdə yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə şəhərin 14 küçəsinə 65 maşın  çınqıl materialı daşınaraq hamarlanmışdır.( 2015-ci ildə 35 küçəyə və qəbristanlıq yollarına 85 maşın qravil daşınmışdır).

Şəhərin M.F.Axundov  küçəsində uçulub dağılmaq üzrə olan piyada səkisi təmir edilərək piyadaların gediş gəlişi üçün normal vəziyyətə gətirilmişdir.

Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

İDEA ictimai birliyinin təşəbbüsünə qoşularaq şəhərin ərazisində 100 ədəd həmişəyaşıl sərv və Eldar şamı ağacları əkilmişdir.

Şəhərin M.Ə.Rəsulzadə və Şirvanşahlar küçələrinin kəsişməsində yerləşən ərazidə "Saat meydanı”nın tikintisi başa çatdırılmışdır.  Sahəsi 1700 m2 olan həmin ərazidə dörd tərəfdən görünüşü olan, həm elektron və həm də mexaniki saat quraşdırılmış, ərazi döşəmə daşları ilə işlənilmiş, xüsusi ayrılmış torpaq hissələr  ot örtüyü (qazon) ilə örtülmüş və əraziyə müasir dekorativ ağac və gül kolları  əkilmişdir. "Saat meydanı”nın gecələr işıqlandırılması məqsədi ilə 17 ədəd işıqlandırma fanarı quraşdırılmışdır.

Məktəblilərin və şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə şəhər 2 saylı orta məktəbin qarşısında olan və uzun illərdir yan tərəfləri açıq qalmış körpünün kənarlarına metal məhəccərlər quraşdırılmışdır.

Şəhərin Ə.Ələkbərzadə, Təbriz küçələrində və Mican ərazisində 1000 m- dan çox su ötürücü kanal təmizlənmişdir.

Bundan başqa baramaçılığın  yem bazasının möhkəmləndirilməsi məqsədilə 1000 ədəd tut tingi əkilərək Çin texnologiyası əsasında intensiv tipli tut plantasiyası salınmışdır.

2016-cı ildə maddi yardım göstərilməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş 5 imkansız ailəyə 550 manat məbləğində yardım göstərilmişdir.

Qurban bayramı günü bələdiyyə tərəfindən qurbanlar kəsilmiş, 101 ailəyə qurnban payı ayrılmış və həmin ailəlıərin ünvanlarına çatdırılmışdır.

2012- ci ildən sonra bələdiyyəyə avtomobil dayanacaqlarından rüsum daxil edilməmişdir. Ötən ilin sentyabr ayından bələdiyyəyə büdcəsinin bu maddəsi üzrə ödənişlər bərpa edilmiş və 4 ayda büdcəyə 1045 manat vəsait daxil edilmişdir.

Ötən ilin sentyabr ayından bütün bələdiyyələrdə "Yerli( bələdiyyə) Vergi və Ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi” nin işlənilməsinə başlanmışdır. Bu sistem hər bir vergi ödəyicisi və vergi tətbiq edilən obyektlər haqqında müfəssəl məlumatların mərkəzləşdirilmiş bazaya  daxil edilməsi və eyni zamanda yerli vergi və ödənişlərin hesablanması, daxil olmaların uçotunun aparılması, həmçinin müvafiq hesabatların hazırlanması üçün nəzərdə tutulmuş bir proqram təminatından ibarətdir.

Şəhər bələdiyyəsində də bu istiqamətdə xeyli işlər görülmüşdür. Bu günə kimi 2000 vergi ödəyicisi, onların mülkiyyətində və ya istifadəsində olan vergitutma obyektləri haqqında məlumatlar mərkəzləşdirilmiş bazaya daxil edilmişdir və bu iş durmadan davam etdirilir.

İsmayıllı bələdiyyəsinin 01 yanvar 2017-cı il tarixə 116427 manat borcu vardır ki, bunun da 38430manatı 2015-ci ilin dekabrından  2016-cı ilin dekabr ayına qədər işçilərə əmək haqqı borcudur.

Qalan hissəsi isə əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Bələdiyyənin bu məbləğdə borcunun olması şəhər ərazisində həlli vacib olan işlərin görülməsinə mənfi təsir göstərir.

Əziz seçicilər!

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət

edirik ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdik. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qravil, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda şəhər sakinlərinin  köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Diqqətinizə görə çox sağolun!