Digər normativ sənədlər


25.07.17 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən

2017-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında,

o cümlədən yerli büdcəyə daxil olan

maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin

istifadəsi haqqında hesabat

 

 

Hörmətli yığıncaq iştirakçıları!

Əziz şəhər sakinləri!

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2017-ci ilin I yarımili üzrə 86450manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 43748 manat olmuşdur.  Büdcənin mədaxil hissəsinə hesabat dövründə 50,6 % əməl edilmişdir ki, bu da büdcənin42702 manat kəsirlə  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi –       8330 manat

- Əmlak vergisi –        6885 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün 

    ödənişlər –              4240 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

   gəlirlər –                   7124 manat

- Ticarət obyektlərindən torpaq icarə haqları          –2732 manat

- Əkin sahələrinə görə icarə haqqı                            –4977 manat

- Bələdiyyə əmlakının icarəsindən                           –1350 manat

- Avtomobil dayanacaqlarından                            – 1110 manat

- Hüquqi şəxslərin maliyyə yardımı                        –7.000 manat

       Büdcəyə daxilolmalar 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 22,3% və ya 8006 manat artmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 86450 manat əvəzinə 42563 manat təşkil etmişdir ki, bu da proqnoza 49,2% əməl olunması deməkdir. Xərclər üzrə proqnoz 43887 manat kəsirdə qalmışdır.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

   xərcləri – 37413 manat

- Sosial müdafiə və sosial təminat xərcləri – 100 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

  xərcləri – 133 manat

-         Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 3252 manat

-         digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 1665 manat

Hesabat dövrü üçün bələdiyyə büdcəsinin mədaxilinin əsas hissəsini təşkil edən torpaq satışından daxilolmaların 37500 manat nəzərdə tutulduğuna baxmayaraq, bugünə kimi torpaq satışından7124 manat vəsait daxil olmuşdur  ki, bu da praqnoza 19 % əməl edilməsi deməkdir

Daxil olmuş bu vəsait 4 nəfər şəhər sakininin həyətyanı sahələrində olan 19,4ha zəbt olunmuş torpaq sahəsinin rəsmiləşdirilməsindən daxil olan vəsaitdir.

Büdcənin kəsrdə qalmasının başlıca səbəblərindən biri də şəhər sakinləri tərəfindən bələdiyyə vergilərinin vaxtında ödənilməməsidir.

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01 yanvar 2017-ci il tarixə 83870 manat vergi borcları olmasına baxmayaraq, hesabat dövründə cəmi 15215 manat və ya 18,1%-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

Hörmətli yığıncaq iştirakçıları!

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 6 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 58 qərar qəbul edilmişdir.Hesabat dövründə bələdiyyəyə 651 nəfər müraciət etmişdir ki, omların 572 nəfəri ayarış və digər sənədlər almaq üçün,37nəfəri ərizə ilə müraciət etmişdir.Bələdiyyənin sədr və müavinlərinin qəbulunda42 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Şəhərin M.F.Axundov  küçəsində uçulub dağılmaq üzrə olan piyada səkisi təmir edilir və piyadaların gediş gəlişi üçün normal vəziyyətə gətirilir.

Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

Bundan başqa R.Mahmudov küçəsində yerləşən "Şəhid bulağı”cari təmir edilmişdir.

Bələdiyyənin "Abad Məhəllə”layihəsi çərçivəsində şəhərin  M.F.Axundov küçəsindəki34A saylı yaşayış binasının qarşısında abadlıq işləri aparılmışdır. Belə ki, metal torla əhatələnmiş həyətin kənarları müasir üslubda mişar daşı ilə hörülərək rənglənmiş,oturacaqlar qaydaya salınmış,əraziyə 120 m2döşəmə daşı düzülmüşdür.Həyətin gecələr işıqlandırılmasından ötrü 19 ədəd işıqlandırma fanarı quraşdırılmışdır.Hal-hazırda həmin ərazidə işlər davam etdirilir.

21 may 2017-ci il tarixdə leysanla müşayət olunan güclü külək nəticəsində irigövdəli ağacın bələdiyyə binasının üzərinə yıxılması nəticəsində binanın dam örtüyünün sıradan çıxmış hissəsi təmir edilmişdir.

2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 3229 ev həyətyanı sahəsi ilə birlikdə, 2360 hektar  əkin,  860 hektar bağ sahəsi, 210 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir.

    Əziz seçicilər!

İsmayıllı bələdiyyəsinin 01 iyul 2017-cı il tarixə 114129 manat borcu vardır ki, bunun da 32683 manatı 2016-ci ilin iyul 2017-cı ilin iyun ayına qədər işçilərə əmək haqqı borcudur.

Qalan hissəsi isə əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Bələdiyyənin bu məbləğdə borcunun olması şəhər ərazisində həlli vacib olan işlərin görülməsinə mənfi təsir göstərir.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət

edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Mən güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Diqqətinizə görə çox sağolun!