Bələdiyyə
qulluqçularının etik davranış qaydaları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə qulluqçuları
üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və
prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
1-ci
fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun əhatə dairəsi
1.1. Bu Qanun bələdiyyə qulluqçusu statusu olan
bütün şəxslərə şamil edilir.
1.2. Hər bir bələdiyyə qulluqçusu qanunun
aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış
qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Maddə 2. Qanunun məqsədləri
2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan
ibarətdir:
2.0.1. yerli özünüidarə orqanlarının və bələdiyyə
qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və
bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının
fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. yerli özünüidarə orqanlarında korrupsiyanın və
bələdiyyə qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının
alınması;
2.0.4. bələdiyyə qulluqçuları tərəfindən etik davranış
qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. bələdiyyə qulluqçularından gözlənilən davranış
barədə vətəndaşların məlumatlandırılması;
2.0.6. yerli özünüidarə orqanlarının və bələdiyyə
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir
imkanlarının genişləndirilməsi.
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi
3.1. Bələdiyyə qulluqçusunun xidməti davranışı onun
qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə
yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Bələdiyyə qulluqçusunun xidməti
davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə
əsaslanmalıdır.
3.2. Bələdiyyə qulluqçusunun xidməti davranışı bu
Qanuna, digər normativ hüquqi aktlara və müvafiq yerli özünüidarəetmə orqanının
qəbul etdiyi qərarlara uyğun olaraq tənzimlənir.
2-ci
fəsil
ETİK
DAVRANIŞ QAYDALARI
Maddə 4. Peşəkarlıq və fərdi məsuliyyətin
artırılması
4.1. Şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin
maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə
yetirməyə borcludur.
4.2. Bələdiyyə qulluqçusu öz fəaliyyətini qanunla
müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə
borcludur.
4.3. Bələdiyyə qulluqçusu etik davranışı və peşəkar
fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və
möhkəmləndirməlidir.
Maddə 5. Loyallıq
5.1. Bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə
aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin
fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai
mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət
verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji
fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.
5.2. Bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə
bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək,
habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol
verməməlidir.
5.3. Bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə
bağlı qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
Maddə 6. İnsanların hüquq və azadlıqlarına, qanuni
maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin
işgüzar nüfuzuna hörmət
6.1. Bələdiyyə qulluqçularının fəaliyyəti
insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına
(qorunmasına) xidmət etməlidir.
6.2. Bələdiyyə qulluqçusu insanların hüquq və
azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar
nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol
verməməlidir.
6.3. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin
icrası ilə bağlı fiziki şəxslərin, habelə digər bələdiyyə qulluqçularının şəxsi
həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.
6.4. Bələdiyyə qulluqçusu hüquqi şəxslərin işgüzar
nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək
hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Maddə 7. Mədəni davranış
Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən
birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli
olmalıdır.
Maddə 8. Əmr, sərəncam və tapşırıqların yerinə
yetirilməsi
8.1. Bələdiyyə qulluqçusu birbaşa və ya yuxarı
rəhbərinin qanunlara uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı
əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
8.2. Bələdiyyə qulluqçusu birbaşa və ya yuxarı
rəhbəri tərəfindən ona verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya
digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı
əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa
rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını
tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə əmr, sərəncam və ya
tapşırıq almasına baxmayaraq, bələdiyyə qulluqçusu onların normativ hüquqi akta zidd olduğuna inanmaqda davam edərsə,
o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə
bilər.
8.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
Maddə 9. Qərəzsizlik
9.1. Bələdiyyə qulluqçusu xidməti vəzifəsini yerinə
yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə,
dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə,
əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı
şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi
üçün şərait yaradılmasına yol verməməlidir.
9.2. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin
yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
9.3. Bələdiyyə qulluqçusu özünün və ya maraqlı
şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir
göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.
Maddə 10. Maddi və qeyri-maddi nemətlərin,
imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi
10.1. Bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi
və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş
hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
10.2. Bələdiyyə qulluqçusu onun hərəkətlərinin
(hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən
tədbirlər görməlidir.
Maddə 11. Korrupsiyanın qarşısının alınması
11.1. Bələdiyyə qulluqçusuna qanunsuz maddi və
qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda,
bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusuna ondan asılı olmayan
səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir və
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə
qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanına akt üzrə təhvil verilməlidir.
11.2. Tərəflərindən biri bələdiyyə qulluqçusunun
qulluq keçdiyi bələdiyyə orqanı olan əqdlərdə həmin bələdiyyə qulluqçusu digər tərəf
ola bilməz.
Maddə 12. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
12.1. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin
qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud
onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə
mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və
ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara
şamil edilmir.
12.2. Bələdiyyə qulluqçusu hədiyyənin qəbul
edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi
hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Maddə 13. Maraqlar toqquşmasının qarşısının
alınması
13.1. Bələdiyyə qulluqçusu qulluq etdiyi dövrdə
maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə
səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
13.2. Bələdiyyə qulluqçusunun xidməti vəzifələri
ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o,
bələdiyyə qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin
maraqların xarakteri barədə məlumat verməyə borcludur.
13.3. Bələdiyyə qulluqçusu başqa vəzifəyə keçmə ilə
əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu
barədə bələdiyyə orqanının rəhbərinə məlumat verməlidir.
13.4. Bələdiyyə qulluqçusu vəzifəyə təyin edilərkən
və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə
və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və
normativ xarakterli aktlarla tanış olmalıdır. Həmin aktlara əməl edilməsi ilə
bağlı bələdiyyə qulluqçusunda hər hansı sual yarandıqda, bu barədə birbaşa və
ya yuxarı rəhbərinə müraciət etməlidir.
Maddə 14. Əmlakdan istifadə
14.1. Bələdiyyə qulluqçusu istifadəsində olan
bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından
qənaətlə və səmərəli istifadə etməlidir.
14.2. Bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından,
maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi
maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan
digər məqsədlər üçün istifadə etmək qadağandır.
Maddə 15. Məlumatlardan istifadə
15.1. Bələdiyyə qulluqçusu xidmət etdiyi yerli
özünüidarə orqanının sərəncamında olan məlumatların qanunla müəyyən olunmuş
qaydada əldə olunmasının və yayılmasının mümkünlüyünü təmin etməlidir.
15.2. Bələdiyyə qulluqçusu yerli özünüidarə
orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl
etməlidir.
15.3. Bələdiyyə qulluqçusu xidməti fəaliyyəti
zamanı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz.
Maddə 16. İctimai və ya siyasi fəaliyyət
16.1. Bələdiyyə qulluqçusunun ictimai və ya siyasi
fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti
vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə
doğurmamalıdır.
16.2. Bələdiyyə qulluqçusu qulluq mövqeyindən
istifadə edərək, digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin,
yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
16.3. Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında
ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud
dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda
göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
16.4. Bələdiyyə qulluqçusuna seçkilər zamanı öz
vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin,
siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək
qadağandır.
3-cü
fəsil
ETİK
DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ
Maddə 17. Təminatlar sistemi
17.0. Bələdiyyə qulluqçusu tərəfindən etik davranış
qaydalarına əməl olunmasını təmin etmək üçün:
17.0.1. bələdiyyə qulluqçusunun davranışının etik
davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və yuxarı rəhbəri tərəfindən
müntəzəm təhlil edilir;
17.0.2. onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu
fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
Maddə 18. Etik davranış qaydalarına əməl olunmasına
nəzarət
18.1. Etik davranış qaydalarına əməl olunmasına
bələdiyyənin sədri nəzarət edir.
18.2. Bələdiyyənin sədri:
18.2.1. öz davranışı ilə etik davranış qaydalarına
əməl olunmasına nümunə göstərməlidir;
18.2.2. tabeliyində olan bələdiyyə qulluqçuları
arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
18.2.3. tabeliyində olan şəxsləri hüquqa və
hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar
qəbul etməyə sövq etməməlidir;
18.2.4. rəhbərlik etdiyi yerli özünüidarə
orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və
yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;
18.2.5. etik davranış qaydalarının pozulmasının
qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;
18.2.6. tabeliyində olan bələdiyyə qulluqçularına
etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik
davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;
18.2.7. etik davranış qaydalarını pozan bələdiyyə
qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
18.2.8. vətəndaşları və təşkilatları etik davranış
qaydaları, eləcə də bələdiyyə qulluqçularının həmin qaydalara əməl etməsini
tələb etmək hüququna malik olduqları barədə məlumatlandırmaq üçün tədbirlər
görməlidir;
18.2.9. etik davranış qaydalarının pozulması
halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları
və bələdiyyə orqanlarını məlumatlandırmalıdır;
18.2.10. etik davranış qaydalarının pozulmasının
nəticələrinin aradan qaldırılması, habelə bələdiyyə orqanına ictimai etimadın
artırılması üçün tədbirlər görməlidir.
Maddə 19. Etik davranış qaydalarının pozulmasına
görə məsuliyyət
19.1. Etik davranış qaydalarının pozulması
bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
19.2. Aşağıdakı hallarda intizam icraatına
başlanıla bilər:
19.2.1. bu Qanunun müddəalarının bələdiyyə
qulluqçusu tərəfindən pozulduğu barədə hüquqi və ya fiziki şəxslərdən şikayət
və ya digər məlumatın daxil olması;
19.2.2. kütləvi informasiya vasitələrində bələdiyyə
qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulduğu və maraqların
toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.
19.3. İntizam icraatı zamanı bələdiyyə qulluqçusu
tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar
edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə
cinayət təqibi orqanına məlumat verməlidir.
Maddə 20. İntizam məsuliyyətinin növləri
20.1. Etik davranış qaydalarının pozulmasına görə
aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:
20.1.1. töhmət vermək;
20.1.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət
vermək;
20.1.3. aşağı vəzifəyə keçirmək;
20.1.4. bələdiyyə qulluğundan azad etmək.
20.2. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə
qulluqçusunun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun
törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu maddənin 20.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən
hər hansı biri tətbiq olunmadan bələdiyyə qulluqçusuna yazılı və ya şifahi
qaydada xəbərdarlıq edilə bilər.
20.3. Etik davranış qaydalarını pozmuş bələdiyyə
qulluqçusu barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi
gündən etibarən 30 gün ərzində tətbiq edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
№ 1278-IVQ