XƏBƏRLƏR


9.01.14 Gənc çağırışçılar hərbi hissələrə yola salındılar

Azərbaycan Respublikası Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə çağırış yaşı çatmış gənclərin həqiqi hərbi xidmətə çağırılması ilə bağlı İsmayıllı rayonunda çağırışçıların təntənəli şəkildə hərbi hissələrə yola salınma mərasimi keçirilib.
Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, tər güllər düzülüb, xatirəsinə dərin ehtiram bildirilib.
Sonra isə Dövlət Himni səsləndirilib, tədbir açıq elan edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdə çıxış edərək, gənclərə xoş niyyət və arzularını çatdırıb. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov bildirib ki, Şöbədə çağırışçıların vaxtında hərbi hissələrə çatdırılması üçün təlimata uyğun bütün tədbirlər yerinə yetirilib. Hər bir çağırışçı həkim qeydiyyatından keçirilib.

Tədbirdə söz alan şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları orduya göstərilən dövlət qayğısından geniş bəhs ediblər.
Yola salma mərasimində İsmayıllı Rayon Mədəniyyət və Turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Çağırışçılar rəqs edib, seviniblər. Rayon İcra Hakimiyyəti tərəfindən çağırışçılara qol saatları hədiyyə edilib. Sonda çağırışçılar hərbi hissələrə yola salınıblar.
Qeyd edək ki, bu gün 41 gənc hərbi hissələrə yola salınıb. Ümumilikdə isə 87 nəfər hərbi hissələrə yola salınacaq.