XƏBƏRLƏR


5.09.13 Sentyabrın 4-də İsmayıllı rayon Gənclər Mərkəzinin iclas zalında təhsil işçilərinin 2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib.

Sentyabrın 4-də İsmayıllı rayon Gənclər Mərkəzinin  iclas zalında təhsil işçilərinin 2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib. Konfrans öncəsi xalqın böyük xilaskarı Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun rayon mərkəzindəki abidəsi önünə gül  dəstələri qoyulub. İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov konfransı açıq elan edib. Dövlət himni səslləndirilib. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, həmçinin rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra və bələdiyyə nümayəndələri, təhsildə nailiyyətlər əldə etmiş müəllim və şagirdlər iştirak edib. Təhsil Şöbəsinin müdiri Rasim Orucov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. R.Orucov rayonda 46 tam orta, 22 ümumi orta, 13 ibtidai məktəbin fəaliyyət göstərdiyini, məktəblərdə 11800 şagirdin təhsil aldığını diqqətə çatdırıb. Onların təlim-tərbiyəsi ilə 1561 müəllimin məşğul olduğunu deyib. 2012-2013-cu dərs ilində Kürdeldarbəyli, Talış, Sərdahar, Yeniyol, Müdri, Mücü kəndlərinin hər birində 80 şagird yerlik, Pirəbilqasım kənd ibtidai məktəbi üçün 40 şagird yerlik yeni məktəb binasının tikilərək istifadəyə verildiyini deyib. O nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər. Bunu ölkə başçısının təhsilə göstərdiyi diqqətlə əlaqələndirən Təhsil Şöbəsinin müdiri söyləyib ki, bu il abituriyentlərdən 320 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-dən artıq bal toplayıb. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. İsmayıllıda kollecin açılmasının əhəmiyyətindən danışıb. Bütün göstəricilər üzrə yüksək nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndirən icra başçısı bu uğurun qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildirib. Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Faiq Şahbazlı İsmayıllı təhsilinin hər zaman öndə olduğunu deyib. Konfransda Təzəkənd kənd tam orta məktəbinin diroktoru Elxan Bədəlov, İsmayıllı Humanitar və Texnologiya kollecinin direktor müavini Sevda Qasımova, şəhər 1 nömrəli tam orta məktəbin məzunu, qəbul imtahanında 691 bal toplamış Aygün Cəbiyeva, Mücü kənd tam orta məktəbinin tarix müəllimi İlhamə Yusifova, İvanovka kənd tam orta məktəbinin direktor müavini Ansatasiya Jabina, 5 nömrəli tam orta məktəbin valideynlər komitəsinin üzvü Rəfail Məmmədov, şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi, "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Ruhiyyə Mahmudova, Lahıc qəsəbə tam orta məktəbinin fizika-informatika müəllimi, "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Rövşən Əliyev çıxış ediblər. Onlar cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayıb, yeni dərs ilində müəllim həmkərlarına və şagirdlərə uğurlar arzulayıblar.