XƏBƏRLƏR


19.09.13 Zərgəran, Minkə, Tircan kəndlərinə qaz verilib

    Hər gün daha da yenilənən, inkişaf edən, geniş quruculuq və abadlıq işləri aparılan İsmayıllıda bu səfərdə uzun müddət qazın olmamasından əziyyət çəkən Zərgəran, Minkə, Tircan kəndlərinə 19 sentyabr "Neft-qaz sənayesi” işçilərinin peşə bayramı günündə ölkə başçısının qayğısı nəticəsində təbii qaz verilib. Bu münasibətlə Tircan kəndində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və İcra Hakimiyyətinin məsul işçiləri, "Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.  Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu tədbirlər ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması, firavanlığının təmin edilməsinə yönəldilən mühüm işlərdir. Tircan kəndində keçirilən açılış mərasimində çıxış edən İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov əhalini təbrik edərək bildirib ki, ölkə prezidenti daim xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 

Kənd sakinlərinin mavi yanacaqla təminatı üçün ümumi uzunluğu 42000 paqonometr polad boru ilə orta təzyiqli qaz xətti çəkilib. 20000 paqonometrdən artıq küçələrarası xəttlər tamamlanıb. Küçələrin yeraltı hissəsindən keçən borular izolyasiya edilib və rənglənib. 520 abonentlə müqavilələr bağlanıb, sayğacla təmin edilib. 

Görülmüş işə görə kənd sakinləri çıxış edərək öz təşəkkürlərini bildiriblər. Sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb..